Mayın 24-də Azərbaycanın Daşkəsən rayonunun Xoşbulaq kəndinin bir qrup sakini Prezident Administarsiyasının binası qarşısında etiraz aksiyası keçirib. Kənd sakinləri sosial durumlarının ağırlığından şikayət etdi, kəndin əkin və otlaq sahələrinin rüşvət müqabilində varlı şəxslərin istifadəsinə verildiyini bildiriblər. Məlumatı Turan agentliyi yayıb.
Məlumatda deyilir ki, polis aksiyaya müdaxilə edib, etirazçılar Prezident Administrasiyasının binasının qarşısından uzaqlaşdırılıb.
Kənd sakinləri Daşkəsən rayon İcra Hakimiyyəti başçısını günahlandırıblar. Kəndlilərin sözlərinə görə, kənd camaatı aciz vəziyyətdə qalıb. Kənddə qaz yoxdur, su yoxdur, asfalt yol yoxdur.
Etirazçılardan biri bildirib ki, onun müharibədə həlak olmuş oğlunun və müharibə iştirakçısı olan digər oğlunun torpaqları varlı adamlara satılıb və orada villalar tikilib.
Qeyd edək ki, Daşkəsən rayonunun Xoşbulaq kəndi Bakıdan 420 kilometr qərbdə, Ermənistanla sərhəddə yerləşir. Kəndin əhalisi iki mindən çoxdur.