Ermənistan-Rusiya münasibətləri zamanın sınağından keçdi. Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov “Arqumentı i faktı” qəzetinə müsahibəsində qeyd etdi.
Sergey Lavrov bildirdi ki, ikitərəfli münasibətlər qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiq əməkdaşlıq ruhunda inkişaf etməyə davam edəcəklər. Rusiyanın XİN başçısı qeyd etdi ki, Rusiya qardaş erməni xalqını dəstəkləməyə hazırdır və Rusiyanın, şəxsən prezident Putinin Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasında və bölgədə həll prosesinin başlanmasında vasitəçilik səyləri bunun sübutudur.
“Ermənistanla Rusiya arasındakı münasibətlərin yalnız Dağlıq Qarabağ münaqişəsi ilə məhdudlaşdırılmır. Ən yüksək səviyyədə görünməmiş dərəcədə aktiv, etibarlı siyasi dialoq mövcuddur. Təkcə bu il liderlərimiz iki dəfə görüşdü, dəfələrlə telefon danışığı olub. Mayın əvvəlində də Yerevana səfər etdim”,- deyə Lavrov qeyd etdi.
Sergey Lavrov həmçinin qeyd etdi ki, COVİD-19-un yayılmasının qarşısını almaq üçün Rusiya Ermənistanı dəstəkləməyə davam edəcək.
“Növbəti dəstək mərhələsi hazırlanır. Ticarət və iqtisadiyyat sahələrində əlaqələri uğurla inkişaf etdiririk”,- deyə Lavrov vurğuladı.