Mayın 19-da Suriyada qanunsuz silahlı dəstələrin tərkibində fəaliyyət göstərməkdə ittiham olunan bir qrup məhkumun ailə üzvləri Azərbaycan prezidenti administrasiyasının binası qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Aksiya iştirakçıları övladlarına qarşı irəli sürülən ittihama etiraz edir.
“Turan” agentliyinə əsasən, polis aksiyaya müdaxilə edib, iştirakçıları avtobuslar vasitəsi ilə ərazidən uzaqlaşdırıb.
Etirazçılardan biri deyib ki, dəfələrlə Baş Prokurorluğa, prezident administrasiyasına və Ombdsmana etirazlarını çatdırsalar da bir nəticəsi olmayıb.
“Övladlarımızı iş adı ilə Suriyaya aparıblar. Prezident İlham Əliyev 2013-cü ildə demişdi ki, Suriyaya gedənlər geri dönsün, onları həbs etməyəcəyik. Amma, övladlarımız Azərbaycana gələn kimi həbs etdilər”- deyə o qeyd edib.
2014-cü il sentyabrın 23-də keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən 26 Azərbaycan vətəndaşı həbs edilib. Həbs edilənlər Cinayət Məcəlləsinin 12.1 (Azərbaycan qanununun Azərbaycandan kənarda törədilən cinayətlərə görə tətbiqi), 279.1 (Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmə yaratma) və 170.3 (Yetkinlik yaşına çatmayanı cinayət məsuliyyətinə cəlb etmə) maddələri ilə ittiham olunur.