“Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyəti diqqətlə izləyir”.
Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin bəyanatında deyilir.
“Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino mənim adımdan mayın 13-də Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla, cümə günü isə Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla danışıb, hər iki tərəfi maksimum təmkin göstərməyə və vəziyyətin gərginləşməsini azaltmağa çağırıb”, - deyə Aİ rəsmisinin bəyanatında deyilir.
Sənəddə qeyd olunur ki, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ATƏT-in hazırkı sədrliyi ilə əlaqə saxlayıb.
“Sərhədlərin delimitasiyası və demarkasiyası yerli əhalinin təhlükəsizliyi naminə danışıqlar yolu ilə həll olunmalıdır. İki tərəf arasında davam edən texniki təmasları alqışlayırıq. Aİ, hər iki ölkəni bölgədəki sabitliyi qorumaq üçün sülh yolu ilə həll yolu tapmağa təşviq edərək münaqişənin hərtərəfli həllini dəstəkləməyə davam edir.”, - deyə bəyanatda vurğulanır.