Azərbaycan hakimiyyəti qadın hüquq müdafiəçiləri və fəallara qarşı gender əsaslı şiddət kampaniyasına dərhal son qoymalı, vəziyyəti araşdırmalı və istər fərdi, istər vəzifəli, istərsə də təhlükəsizlik qüvvələrinin əməkdaşları olan şəxsləri ədalət mühakiməsinə cəlb etməlidir. “Turan” agentliyinə əsasən, bu barədə Amnesty İnternational bu gün qadın fəalların təqibinə həsr olunmuş brifinqdə bildirib.
“Bu gender əsaslı təqbilərin xarakteri və metodları, həmçinin insan hüquqları pozuntularını ifşa edən və ya hakimiyyəti tənqid edən qadınların qurbana çevrilməsi faktı Azərbaycan hakimiyyətinin bu cinayətlərə görə birbaşa məsuliyyət daşıdığını və ya onlarda iştirakı olduğunu göstərir. İstənilən halda, bu çirkin kampaniyadan mənfəət götürən repressiv Azərbaycan hökuməti olur”-Amnesty İnternational-ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalya Nozadze bildirib.
Amnesty İnternational-ın fikrincə, anonim Telegram kanalları, çox güman ki, fəalların hesablarının sındırılması tapşırılan təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz yolla əldə edilmiş şəxsi məlumatı dərc edirlər. Bu kanalların bilavasitə hakimiyyət tərəfindən dəstəkləndiyi barədə təxminlər var.
Amnesty İnternational qeyd edir: “Azərbaycanda qadın fəallar öz hüquqlarından istifadə etmək və heç bir təqibdən qorxmadan qanuni fəaliyyətlərini həyata keçirmək imkanına malik olmalıdırlar.
Azərbaycan hakimiyyəti qadın fəallara qarşı yönəlmiş bu gender zorakılığı və ayrı-seçkilik kampaniyasına dərhal son qoyulmasını təmin etməlidir və hər bir məlum hadisənin, habelə digər insan hüquqları pozuntularının, o cümlədən onların şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması hallarının tez, qərəzsiz və səmərəli tədqiqatını həyata keçirməlidir. Hakimiyyət ədalətli məhkəmə təhqiqatı çərçivəsində bütün qanunsuz əməllərin törədilməsində və ya bu əməllərdə iştirakda şübhəli bilinən bütün şəxsləri – istər fərdi şəxsləri, istər təhlükəsizlik xidmətlərinin əməkdaşlarını və ya digər vəzifəli şəxsləri müəyyən etməli və məsuliyyətə cəlb etməlidir”.