Mayın 8-də bir qrup şəxs Bakının mərkəzində, metronun "28 May" stansiyasının yaxınlığında aksiya keçirməyə cəhd edib.
"Azadliq.org" saytına əsasən, bu aksiyanı Azərbaycandan vaxtilə gedən və indi xaricdə yaşayan bloqerlərin təklif etdiyi bildirilir.
Aksiyaya gələn şəxslər, əsasən, sosial tələblər səsləndiriblər. Onlar koronavirusla bağlı tətbiq edilən karantin sərtləşdirildiyi aylar ödənilən birdəfəlik sosial yardımın yenidən verilməsini və həm onların, həm də pensiyaların qaldırılmasını tələb ediblər.
Hadisə yerinə cəlb olunmuş polis əməkdaşları bir çox şəxsi polis maşınlarına mindirərək aparıblar.
Aksiya zamanı jurnalistlərin peşə fəaliyyətinə maneələr törədildiyi bildirilir. Hətta, sosial media nümayəndəsi Nurlan Qəhrəmanlının sözlərinə görə, onlara fiziki təzyiq göstərilib: "Mənə, çəkiliş aparan Əvəz Hafizliyə, Zəhra Kələndarovaya və Vüsalə Vətənqızına polis tərəfindən fiziki təzyiq göstərilib, çəkilişimizə maneçilik törədilib".