Azərbaycan hakimiyyəti ölkəni idarəçilik baxımından çox sürətlə ikinci Qarabağ savaşından əvvəlki repressiya və korrupsiya gündəminə qaytarır. “Turan” agentliyinə əsasən, bu barədə Demokratiq Qüvvələrin Milli Şurasının bəyanatında deyilir.
“Savaş günlərində Azərbaycan ictimaiyyətində az qala konsensus həddində belə gözləntilər yaranmışdı ki, hakimiyyət daha əvvəlki idarəçilik üslubundan imtina edəcək və ölkədə hər şey tədrici də olsa, yaxşılığa doğru dəyişəcək. Amma təəssüf ki, İlham Əliyev iqtidarı, yeri gəlmişkən, şəxsən onun öz təşəbbüsü ilə qısa zamanda nümayiş etdirdi ki, cəmiyyətlə, siyasi müxalifətlə münasibətlərində əvvəlki neqativlərin heç birindən imtina etmək fikrində deyil.
Savaş bitəndən sonrakı qısa müddətdə siyasi sifarişli həbslərə, xüsusən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinin, təəssübkeşlərinin həbsinə yenidən start verilib”, deyə bəyanatda bildirilir.
“Ümumiləşdirsək, hökumət Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyasının simasında real müxalifətə və sərt tənqidçilərinə qarşı yenidən sifarişli həbslər, işgəncə, hədələmə, mənəvi terror, fiziki hücumlar, kibercinayətkarlıq, internet blokadasına almaq kimi anti-konstitusion üsullarla mübarizə aparır. Belə görünür ki, hakimiyyəti sivil siyasi münasibətlər müstəvisinə keçirmək üçün edilən yerli və beynəlxalq cəhdlər hələ də yetərli olmayıb. Azərbaycan hakimiyyəti yenə də nə beynəlxalq öhdəliklərinə əməl edir, nə də ölkənin Konstitusiya və qanunlarına. Deməli, Azərbaycan ictimaiyyəti və demokratik dünya daha artığını etməlidir ki, İlham Əliyev hakimiyyəti Konstitusiya və beynəlxalq öhdəliklərini yerinə yetirsin”, deyə Milli Şuranın bəyanatında qeyd edilir.