Ermənistan Respublikasının Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasında çıxış etdi.
Nikol Paşinyan Rusiya Federasiyası Baş naziri Mixail Mişustinə Avrasiya Hökumətlərarası Şurası iclasının yüksək səviyyədə təşkil olunmasına görə təşəkkürünü bildirdi və Avrasiya İqtisadi Birliyinin müşahidəçi dövlətlərinin hökumət başçılarını salamladı.
Paşinyan qeyd etdi ki, AİB-in fəaliyyəti, pandemiyanın səbəb olduğu məhdudiyyətlər dövründə belə üzv dövlətlərin iqtisadi əməkdaşlığının keyfiyyətcə yeni əsaslarla inkişafına əlavə təkan verir. Yeni şərtlər səhiyyə, təhsil və sosial sahələrdə əməkdaşlığa ehtiyac olduğunu ortaya qoydu.
O həmçinin vurğuladı ki, sənaye Birliyin iqtisadi sisteminin əsas hərəkətverici qüvvələrindən biridir və vahid məhsul bazarının yaradılması, bu istiqamətdə koordinasiya olunmuş siyasət hazırlamadan, praktik olaraq mümkün deyil.
Paşinyan öz çıxışında sənaye əməkdaşlığının dərinləşdirilməsinə və milli sənaye siyasətlərinin koordinasiyasına yönəlmiş işlərin davam etdirilməsini zəruri hesab etdiyini də qeyd etdi:
“Şübhəsiz ki, AİB-də istehsal olunan malların həm daxili, həm də xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasında maraqlıyıq”.
Paşinyan erməni tərəfinin Birliyin inteqrasiya potensialının aşkarlanması ilə iqtisadi əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi üçün bütün lazımi səyləri göstərməyə hazır olduğunu bir daha təsdiqlədi.