Azərbaycanda son aylar vətəndaşların hüquqlarının və ailə həyatı və şəxsi həyat sirlərinin pozulması hallarının sayı artıb. Bütün bunlar hakimiyyəti tənqid edənlərin şantaj edilməsi, susdurulması məqsədilə edilir. Bu barədə aprelin 30-da keçirilən brifinqdə “Müdafiə Xətti” qeyri-hökumət təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib. Məlumatı “Turan” agentliyi yayıb.
Aprel ayı ərzində monitorinqin nəticələri haqqında hesabatı təqdim edən Səfərov həmçinin ədalətli məhkəmə təhqiqatı hüququnun pozulmaqda davam etdiyini və məhbuslara qarşı işgəncə halları olduğunu qeyd edib.
Səfərov həmçinin mülkiyyət hüquqlarının pozulması faktlarına toxunub. Vəkillə məxfi ünsiyyət, keyfiyyətli tibbi yardımın əlçatanlığı hüquqları da pozulur.
Təşkilat həmçinin Nardaran qəsəbəsində şəhidin dəfni üçün toplaşanların dağıdılmasını və “Gəncə”, “Tərtər” və “Tovuz” işlərinin fiqurantlarının hüquqlarının pozulmasını pisləyib.
“Müdafiə Xətti” hakimiyyəti insan hüquqları sahəsində beynəlxalq müqavilələrin şərtlərinə riayət etməyə, işlərə baxılması zamanı Avropa Məhkəməsinin presedentlərinə əsaslanaraq, qanuniliyi təmin etməyə, həbs qətimkan tədbirini zərurət olduqda seçməyə çağırıb.
İşgəncə hallarına gəlincə, onlar xüsusilə əsaslı şəkildə araşdırılmalı, təqsirkarlar məsuliyyətə cəlb edilməlidir.