Aprelin 28-də Xalq Hərəkatının bir qrup fəalı Rusiyanın Azərbaycandakı Səfirliyi qarşısında etiraz aksiyası keçirib. Məlumatı "Turan" agentliyi yayıb.
İştirakçılar “Rusiya ordusu Azərbaycandan çıxarılsın!” tələbi yazılmış plakat qaldırıblar. Polis şüarları iştirakçıların əlindən alıb və onları binadan uzaqlaşdırıb.
“Biz Rus Ordusunun Qarabağdan çıxarılmasını tələb edirik. Onlar sülhməramlı deyil. Biz istəyirik ki, Rusiya Ordusunu Türkiyə Ordusu əvəz etsin”,- deyə etirazçılardan biri bildirib.
Təşkilatçılar kütləvi informasiya vasitələrində qətnamələrini dərc ediblər. Sənəddə deyilir ki, Azərbaycan Xalq Hərəkatı Rusiya Ordusunun ölkəyə gətirilməsini Azərbaycanın müstəqilliyinə qəsd kimi qiymətləndirir.
Bu hərbiçilər Qarabağda sülhməramlı missiyasına aid olmayan xidmətlər göstərir. Bütün bunlar Azərbaycanın maraqlarına ziddir, deyə qətnamədə qeyd edilir.