ABŞ Beynəlxalq Din Azadlığı Komissiyası (The United States Commission on International Religious Freedom - USCIRF) Azərbaycanı “din azadlıqlarının zorakı pozuntusuna” görə xüsusi nəzarət siyahısına daxil edib.
“Azadliq.org” saytına əsasən, komissiyanın 2021-ci il üçün hesabatında Dağlıq Qarabağda kilsələrə, monastrlara və başqa xristian abidələrinə Azərbaycan tərəfindən ziyan vurulması xəbərlərindən narahatlıq ifadə olunur.
Hesabatda deyilir ki, Dağlıq Qarabağda və ətraf ərazilərdə fəal döyüşlərin bərpa olunması erməni ibadət yerlərinin qorunması və mühafizəsi ilə bağlı ciddi narahatlıq yaradıb.
Bu da vurğulanır ki, ötən oktyabrda Şuşi şəhərindəki Qazançetsots kilsəsinin Azərbaycan qüvvələri tərəfindən iki dəfə artilleriya atəşinə tutulduğu və binaya böyük ziyan dəydiyi xəbər verilib.
Sənəddə qeyd olunur ki, 10 noyabr atəşkəs razılaşmasından sonra media qurumları erməni qəbirstanlıqlarının və qəbir daşlarının “ehtimalən bu yaxınlarda” vandalizmə və dağıntıya məruz qalmasını “sənədləşdiriblər”.
Bildirilir ki, elə həmin ay Azərbaycan prezidenti İlham Əliyev xristian kilsələrinin qorunacağını və “Azərbaycan xristianlarının” orada ibadət etməsinə imkan yaradılacağını bəyan edib.
Bütün bunları nəzərə alaraq Azərbaycanın ABŞ-ın Beynəlxalq Din Azadlığı qanununa uyğun olaraq xüsusi nəzarət siyahısına salınması tövsiyə olunub.
Tövsiyələrin arasında Dağlıq Qarabağ və ətraf ərazilərdə ibadət yerlərinin və başqa din və mədəniyyət məkanlarının bərpası, qorunması və mühafizəsi üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) və ABŞ-ın Bakıdakı səfirliyinə vəsaitlərin ayrılması da var.
Sənəddə qeyd olunur ki, hesabat dövrünün sonunda bəzi yerlərin, məsələn Hadrutdakı erməni kilsəsi məzarlığının vandalizm hücumuna məruz qaldığına dair iddialar vardır:
“İlin sonunda Azərbaycan hökuməti azı iki Azərbaycan əsgərinə – Arzu Hüseynov və Ümid Ağayevə qarşı Xocavəndin bir kəndində erməni qəbir daşlarını dağıtdıqlarına görə ittiham irəli sürüldüyünü bildirib”.
Hesabatda deyilir ki, hazırda həbsdə olan siyasi məhbusların 43-51 nəfərinin dini fəallar olduğu düşünülür.