Ermənistanla Azərbaycan arasındakı hərbi əməliyyatlar və 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra baş verən hadisələr Avropa Şurası üçün çox əhəmiyyətlidir və Monitorinq Komitəsinin diqqət mərkəzindədir. Monitorinq Komitəsi digər müvafiq komitələrlə əməkdaşlıq edərək, iki ölkənin nümayəndələrini, müstəqil ekspertləri dinləyib, Ermənistan və Azərbaycan üzrə həmməruzəçilər isə mütəmadi olaraq hadisələr barədə birgə bəyanatlar yayıb.
Komitə əmindir ki, iki ölkənin parlamentləri etimadın, barışığın və tərəflər arasında açıq sülh danışıqlarının bərpasında vacib rol oynaya bilər və oynamalıdır.
Komitə üçtərəfli bəyanatın həyata keçirilməsindəki irəliləyişi alqışlayır, lakin bütün saxlanılanların geri qaytarılmamasına dair məlumatdan narahatdır. Komitəyə görə, iki tərəf də vətəndaşların təhlükəsizliyini təmin etmək üçün problemli sahələri minalardan təmizləmək məqsədilə əməkdaşlıqlarını və əlaqələrini gücləndirməlidir.
Montorinq Komitəsi bir daha qeyd edir ki, üçtərəfli bəyanatın 8-ci bəndinin aydın məqsədi bütün əsirlərin ayrı-seçkilik edilmədən mübadiləsidir. AİHM-in Azərbaycan tərəfindən 188 erməninin əsir götürülməsi ilə bağlı narahatlığını vurğulayan Komitə, Azərbaycanı bütün əsirləri təxirə salmadan azad etməyə çağırıb.
Monitorinq Komitəsinə görə, son hərbi əməliyyatlar zamanı münaqişə, insan haqları və humanitar qanun pozuntularını araşdırmaqdan məsul olan müstəqil beynəlxalq missiyanın yaradılması barışıq və həqiqi sülh üçün əlverişli mühit yaratmaq üçün vacibdir. Mədəni irs də münaqişə tərəfləri üçün vacibdir, buna görə onların qorunması və təmiri üçün zəruri mexanizmlərin dərhal yaradılması prioritetdir.
Nəhayət, Komitə bütün tərəfləri üçtərəfli bəyanatın müddəalarını tam yerinə yetirmək və sülh danışıqlarına başlamaq üçün müvafiq beynəlxalq qurumlarla, xüsusən də ATƏT-in Minsk qrupu ilə konstruktiv işləməyə çağırır.