"Tərtər işi" çərçivəsində ən azı 78 nəfər Azərbaycan vətəndaşı saxlanılıb və dövlətə xəyanət ittihamı ilə 12 ildən 20 ilədək həbs cəzasına məhkum edilib. Turan agentliyi yazır ki, bu barədə İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının 13 aprel tarixli bəyanatında deyilir.
2017-ci ilin mayında Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanatda bildiriblər ki, "Ermənistan kəşfiyyatına casusluq edən" bir qrup hərbçi və mülki şəxs aşkar edilib. Hakimiyyət Azərbaycan Cinayət Məcəlləsinin 274-cü maddəsilə dövlətə xəyanət üzrə cinayət işi açıb və xüsusi istintaq qrupu yaradıb. Tərtər rayonunda həbslər aparılıb.
İlk iki gün ərzində 47 nəfərin həbs olunduğunu bildirilib. Mayın 8-dən sonra kütləvi informasiya vasitələrində reportajlar kəsilib, lakin insan hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı qeyri-rəsmi məlumatlar yayılıb.
Sülh və Demokratiya İnstitutu qeyri-hökumət təşkilatının məlumatına görə, 274-cü maddə ilə həbs olunanların vəkillərə çıxış imkanı olmayıb və məhkəmənin qərarı olmadan həbsxanaya salınıblar. Kütləvi informasiya vasitələri redaktorlarının Baş Prokurorluğa çağırılması, onlara "dövlət sirri"nin yayılmasının yolverilməzliyi barədə xəbərdarlıq edilməsilə bağlı hallar da olub.
Hazırda saxlanılan və 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilən 78 nəfər var. Saxlanılanlar işgəncəyə məruz qalıblar, bu işgəncələrdən 11 təsdiqlənmiş ölüm halı var. Saxlanılanları dövlət sirrilə bağlı ifadə almaq üçün işgəncələrə məruz qoyublar. Həlak olanların ailələri bildirirlər ki, onların meyitləri ailələrə heç də həmişə verilməyib və bu digər səbəblərlə izah olunub.
2019-cu ildə bu pozuntuları araşdırmağa çalışan hüquq müdafiəçisi Oqtay Gülaliyev Bakının mərkəzində avtomobillə vurulub. Klinikada hüquq müdafiəçisinə 17 saat ərzində heç bir tibbi yardım göstərilməyib. Nəticədə Oqtay Güləliyev hələ də komadadır.
"Tərtər işi" üzrə həbs olunanların və həlak olanların ümumi sayı hələ də məlum deyil. İşin özü məxfiləşdirilib.
"Biz bu dəhşətli hərəkətlər fonunda Azərbaycan hökumətinin və bu ciddi insan hüquqları pozuntularını törətmiş hüquq-mühafizə orqanlarının həərkətlərini qətiyyətlə pisləyirik. Biz Azərbaycan hakimiyyətindən aşağıdakıları tələb edirik:
• Dərhal işgəncələr və məhbusların ölümü araşdırılsın, günahkarlar məsuliyyətə cəlb edilsin;
• Qurbanlara reabilitasiyanı, yardımı təmin etmək, onlara və ailələrinə dəyən zərəri ödəmək, cəsədlərin əldə edilməsinə imkan yaratmaq;
• Bu iş üzrə həbs edilmiş şəxslərin yerləşdiyi yeri və sayı açıqlamaq;
• İşgəncə praktikasına son qoymaq və onların Azərbaycanda aradan qaldırılması üçün tədbirlər görmək", - bəyanatda deyilir.