Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Erdoğan və Vladimir Putin arasında telefon söhbəti olub. Bu barədə Kremlin Mətbuat xidməti bildirib.
Qeyd edilib ki, iki ölkənin rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunublar.
“Rəcəb Tayyib Ərdoğan 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların mərhələli şəkildə həyata keçirilməsi, bölgədə sabitliyin bərqərar olması istiqamətində Rusiya tərəfinin səylərini yüksək dəyərləndirib. Vladimir Putin Ermənistan və Azərbaycan liderləri ilə son danışıqları barədə Türkiyə prezidentini məlumatlandırıb. Tərəflər Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpası yönündə işləri sürətləndirməyin vacib olmasına dair birgə rəy ifadə ediblər”- deyə qeyd olunub.
Tərəflər Suriya və Liviya məsələlərinə də toxunublar.
Vladimir Putin qeyd edib ki, İstanbul kanalının inşası zamanı 1936-ci ildə imzalanmış Montrö Konvensiyasını nəzərə almaq lazımdır.