İtaliyanın Ankaradakı səfiri Massimo Qaiani bu ölkənin Baş naziri Mario Draqhinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı işlətdiyi ifadələrə görə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Qeyd edək ki, italyan Baş nazir Ərdoğan barəsində “diktator” ifadəsini işlətmişdi. Mario Draqhi habelə bu həftə Ankarada Avropa İttifaqının liderinə qarşı davranışı “hörmətsizlik” adlandırmışdı.
Sözügedən ifadələrə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu da sosial media hesabında reaksiya göstərib.
“Təyin edilmiş İtaliya Baş naziri Draqhinin qəbuledilməz populist çıxışını və seçki ilə vəzifəyə gəlmiş prezidentimiz haqqındakı çirkin və həddinibilməz ifadələrini qınayırıq”, - Xarici siyasət idarəsinin rəhbəri qeyd edib.
Xatırladaq ki, Avropa Komissiyasının prezidenti Ursula Von der Leyen və Avropa Şurasının rəhbəri Şarl Mişel aprelin 6-da Türkiyə-Avropa İttifaqı danışıqlarının aparılması üçün Ankaraya səfər etmişdilər. Lakin danışıqlar zalında cəmi iki kürsü qoyulmuşdu və Von der Leyenə böyük divanda yer verilmişdi.