Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq aprelin 5-də siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Siyahıya 111 nəfər daxildir. Məlumatı “amerikaninsesi.org” yayıb.
Araşdırmanın həmmüəllifi, Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov bildirib ki, siyahı İlham Əliyevin mart ayında əfv sərəncamı nəzərə alınmaqla yenilənib, çünki onun sərəncamına əsasən bəzi siyasi məhbuslar azad edilib.
İttifaq əfv aktından məmnun deyil, çünki bu, yenə də siyasi məhbuslar problemini həll etməyib.
Siyahının digər həmmüəllifi Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusdur.
Rəsmi Bakı ölkədə insanların əqidəsinə, firkilərinə görə təqib olunmadığını bildirir. Hökumət rəhbərləri Azərbaycanda fundamental insan hüquqlarının tam təmin edildiyni və siyasi məhbusların olmadığını bəyan edir.
Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyətdədir. Ölkə beynəlxalq mətbuat azadlığı indeksində 200 ölkə arasında 168-ci yerdə qərarlaşıb.