ABŞ Dövlət Departamenti 2020-ci il üçün dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatını açıqlayıb. Hesabatda erməni əsirlərə qarşı Azərbaycanın qeyri-insani rəftarına da toxunulub.
Qeyd olunub ki, Türkiyənin dəstəyi ilə keçən ildə başladılmış müharibədə Azərbaycan tərəfinin bir çox insan haqları pozuntuları müşahidə olunub.
ABŞ Dövlət Departamenti xüsusi olaraq Hadrutda oktyabr ayında iki erməni əsirə qarşı törədilmiş işgəncəni və bunun videosunu qeyd edib. Vurğulanıb ki, bir sıra müstəqil beynəlxalq ekspertlərin, o cümlədən BBC və Amerika Atlantik Şurasının təhlilləri videonun real olduğunu təsdiq edir.
Hesabatda bildirilir ki, Azərbaycan hökumətinin sentyabrın 28-dən dekabrın 12-dək tətbiq etdiyi hərbi vəziyyətdə rəsmilər hərəkət və məlumata çıxış azadlığını məhdudlaşdırıb.
Hesabatın Azərbaycanla bağlı hissəsində ölkədə ciddi insan haqları pozuntularının olduğu bildirilir. Bu pozuntular arasında qanunsuz və ya özbşına həbslər, işgəncə, siyasi məhbuslar, həbsxanalarda sərt və bəzi hallarda həyata təhlükə yaradan şərait, siyasi məhbuslar, özəl həyata müdaxilə, ölkə xaricində şəxslərə qarşı siyasi motivli repressiyalar yer alıb.
Bundan əlavə, hesabatda Azərbaycanda məhkəmələrin müstəqilliyi ilə bağlı geniş yayılmış problemlərin olduğu, ifadə, mətbuat və internet azadlığına ciddi məhdudiyyətlərin qoyulduğu, jurnalistlərə qarşı zorakılıqların tətbiq edildiyi, böhtan və iftiranın kriminallaşdırıldığı qeyd edilib.
Bundan əlavə, hesabatda Azərbaycanda jurnalistlərin şübhəli ittihamlarla təqib olunub həbs edildikləri, saytların bloklandığı, dinc toplaşmaq azadlığına ciddi müdaxilələrin olduğu, hərəkət azadlığının məhdudlaşdırıldığı, hökümətdə sistemli korrupsiya hallarının olduğu, polisin insanların cinsi oriyentasiyasına əsaslanaraq zorakılıq tətbiq etdiyi və ölkədə uşaq əməyinin ən pis formalarının mövcud olduğu deyilib.
Dövlət Departamentinin hesabatında Azərbaycan hökumətinin insan haqlarını pozan əksər rəsmiləri cəzalandırmadığı və cəzasızlığın problem olaraq qaldığı qeyd edilir.