Avropa Şurası Nazirlər Komitəsinin sonuncu illik məruzəsinə əsasən, sistemli problemlərin, o cümlədən pis rəftar və ya təhlükəsizlik qüvvələrinin və pis saxlanma şəraitinin səbəb olduğu ölüm, habelə hüquq və azadlıqların məhdudlaşdırılması haqqında sayı artan işlərin həlli üçün bundan sonra da səy göstərilməlidir.
“Turan” agentliyinə əsasən, məruzədə Azərbaycandakı vəziyyətə də toxunulur. Xüsusən, iki ərizəçinin – İlqar Məmmədov və Rəsul Cəfərovun işləri xatırladılır. Belə ki, Azərbaycan Ali Məhkəməsi 2020-ci ilin aprelində əlamətdar qərarı ilə onlar barəsində ittiham hökmlərini ləğv edib.
Bununla belə, “Məmmədlinin qrupu” adını almış həmin qrupdan olan digər şəxslər – hüquq müdafiəçiləri Anar Məmmədli, İntiqam Əliyev, jurnalist Xədicə İsmayılova və s. barəsində Avropa Məhkəməsinin qərarları tam həcmdə icra edilməyib.
Eyni zamanda, Azərbaycan Avropa Konvensiyasının 18-ci maddəsinin pozulması hallarının, yəni siyasi motivli həbslər təcrübəsinin mövcud olduğu ölkələr arasındadır.
Bu, hökuməti tənqid edənlərin, vətəndaş cəmiyyəti fəallarının, hüquq müdafiəçilərinin və siyasətçilərin işləridir. Onlara qarşı ittihamlar dəlillərlə əsaslandırılmayıb, bu ittihamların onları susdurmaq və ya cəzalandırmaq və digər tənqidçiləri dayandırmaq məqsədilə gizli motivi var.
Komitənin 2020-ci ildə baxdığı bəzi işlər ifadə və toplaşmaq azadlığına – istənilən demokratik cəmiyyətin təməl prinsiplərinə aiddir.
Məsələn, “Xədicə İsmayılova (şəxsi həyata müdaxilə) Azərbaycana qarşı” işində Komitə hakimiyyətə ərizəçiyə qarşı törədilmiş cinayətin araşdırılması haqqında məlumat verməyi, həmçinin jurnalistlərin şəxsi həyatının və ailə həyatının qorunması və onların ifadə azadlıqlarını həyata keçirməsi məqsədilə tədbirlər görməyi təklif edib.
2020-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları ilə Azərbaycana 803 726 avro, bir il əvvəl isə 707 010 avro məbləğində cərimə kəsilib.