Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Conatan Lakot bildirib ki, Azərbaycanda saxlanılan erməni əsirlər Ermənistana qaytarılmalıdır. Bu barədə Lakot jurnalistlərlə görüşündə söylədi.
“Hərbi əsirlər məsələsinə münasibətim aydındır, onlar geri qaytarılmalıdır. Bu proses yalnız 9 noyabr bəyanatı əsasında deyil, həm də beynəlxalq konvensiyalarda təsbit edilmiş insan hüquqlarının qorunması əsasında həyata keçirilməlidir”,-deyə səfir qeyd etdi.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu, müzakirələr və danışıqlarla məsələyə diplomatik həll yolu tapmağın mümkün olduğu yeganə qurum olaraq qalır.
“ATƏT-in Minsk qrupundan danışırkən başa düşməliyik ki, o vasitəçilik etməyə və hər iki tərəfə kömək etməyə hazır olan bir qurumdur. Bunu İsveçin xarici işlər naziri Ermənistana səfəri çərçivəsində də qeyd edib. Hazırda Minsk qrupu həmsədrləri bölgəyə işgüzar səfər etmək üçün danışıqlar aparır”,-Lakot vurğuladı.