Ermənistana nəql edilən qaz üç həftə boyunca Azərbaycan ərazisindən keçəcək. Bu barədə “Qazprom Export” şirkəti məlumat yayıb.
Məlumatda deyilir ki, “Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində planlaşdırılmış profilaktik təmir işləri zamanı Rusiya qazı istehlakçılara Azərbaycan ərazisindən nəql ediləcək.
“Qazprom eksport” Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) martın 16-da Rusiya qazının Azərbaycan ərazisindən nəqli haqqında qısamüddətli müqavilə imzalayıb.
“Müqavilədə “Şimali Qafqaz – Zaqafqaziya” magistral qaz kəmərinin Rusiya hissəsində planlaşdırılmış profilaktik təmir işləri zamanı istehlakçılara tədarük edilən qazın Gürcüstanla sərhədə qədər Azərbaycan ərazisindən keçəcəyi nəzərdə tutulur. Təmir işləri təxminən üç həftəyə qədər çəkə bilər. Təmir başa çatdıqdan sonra qaz əvvəlki kimi Rusiya və Gürcüstan sərhədindən keçən marşrutla nəql ediləcək”,-deyə “Qazprom Export” əlavə edir.