Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) martın 15-də yaydığı hesabatda deyilir ki, 2016-2020-ci illərdə Azərbaycan və Ermənistanın silah idxalı dünyada silah transferlərinin uyğun olaraq 0.7 və 0.3 faizini təşkil edib. Amma bu silahların çoxu 2020-ci ilin 44 günlük müharibəsində əsas rolu oynayıb.
Sənəddə qeyd olunur ki, 2016-2020-ci illərdə Ermənistanın silah idxalının 94 faizi Rusiyadan gedib. Buraya hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, ballistik raketlər və artilleriya daxildir.
Azərbaycanın sözügedən müddətdə silah idxalı Ermənistandan 2.5 faiz çox olub. Bu zaman kəsimində Azərbaycan silahlarını 17 faizini Rusiyadan, 69 faizini İsraildən alıb. İsrailin satdığı silahlar əsasən dronlardan, ballistik raketlərdən, Rusiyadan göndərilənlər isə zirehli texnika və artilleriyadan ibarət olub.
SIPRI qeyd edir ki, 2016-2020-ci illərdə dünyada silah satışı daha öncəki beş illə müqayisədə çox artmasa da, yenə də Soyuq Müharibə bitəndən bəri ən yüksək həddə yaxındır.
“Dünyanın əsas beş silah ixracatçısından üçü – Birləşmiş Ştatlar, Fransa və Almaniya beş illik müddətdə təchizatı artırıb. Amma Rusiya və Çindən ixracın azalması bu artımı kompensasiya edib”- deyə SIPRI vurğulayıb.