“Azərbaycanda keçirilməsi planlaşdırılan təlimlər regionda sabitliyə və təhlükəsizliyə risklər yaratmır”.
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə jurnalistlərin martın 15-də Azərbaycanda keçirilməsi planlaşdırılan hərbi təlimlərin Qarabağla bağlı üçtərəfli bəyanatın icrasına təhlükə yaratması ilə bağlı sualına cavabında bildirib.
“Hərbi təlimlər, adətən, bütün Cənubi Qafqaz ölkələri tərəfindən keçirilir. Bu təlimlər müntəzəm əsasda keçirilir və müvafiq məlumatlar maraqlı tərəflərə vaxtında çatdırılır.
Bizdə olan məlumatlara görə, Azərbaycandakı hərbi təlimlər planlı xarakter daşıyır və qoşunların döyüş hazırlığının yüksəldilməsinə istiqamətlənib. Təlimlər regionda sabitliyə və təhlükəsizliyə risklər yaratmır”, - deyə diplomat vurğulayıb.
Xatırlataq ki, Azərbaycan ordusu martın 15-də 10 min hərbçinin, 100-ə yaxın tank və başqa hərbi texnikanın iştirakı ilə hərbi təlimlər keçirəcək.